Dağıstanlı İsmayıl Yusif oğlu

Böyük səhnəyə həvəskarlıqdan, dram dərnəklərindən gələn sənətkarlardan biri də İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev) idi. O, 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Nuxa (indiki Şəki) rayonuna peşə təhsili arxasınca gələn İsmayıl Hacıyev 1925-ci ildə buradakı Mərkəzi fəhlə klubunda dram dərnəyinə üzv olub. 1927-1930-cu illərdə Bakı Teatr Məktəbində təhsil alıb. Səhnə haqqında müəyyən təcrübəsi olduğuna görə elə birinci kursdan Milli Dram Teatrının tamaşalarında, kütləvi səhnələrdə, sözsüz epizod rollarda çıxış edib. Müəllimi, böyük ədib və teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin təklifi ilə "Dağıstanlı" ləqəbini götürüb.

Sənətdə qazandığı uğurlara görə respublikanın Əməkdar Artisti (4 may 1940), Xalq Artisti (21 iyul 1949) və SSRİ Xalq Artisti (11 iyul 1974) fəxri adlarına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.

Milli Dram Teatrının səhnəsində Lenin rolunu ilk dəfə İsmayıl Dağıstanlı ifa edib. Aktyor dramaturqlarımızdan Cəfər Cabbarlının "Od gəlini" (Qorxmaz və Aqşin), "1905-ci il-də" (Baxşı və Eyvaz), "Yaşar" (Yaşar), "Oqtay Eloğlu" (Oqtay), "Solğun çiçəklər" (Bəhram), "Almaz" (Barat), Zeynal Xəlilin "Qatır Məmməd" (Qatır Məmməd), Səməd Vurğunun "Vaqif" (Əli bəy, Qacar və Vaqif), Mehdi Hüseynin "Cavanşir" (Bəhram şah), "Nizami" (Şirvan şahı), Mirzə İbrahimovun "Madrid" (Karlos), İlyas Əfəndiyevin "İşıqlı yollar" (Yelmar), "Bahar suları" (Uğur), "Mənim günahım" (Tahir), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Qüdrət), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Səlim bəy), Hüseyn Cavidin "Səyavuş" (Altay), "Knyaz" (Anton) rollarında çıxış edib.

İsmayıl Dağıstanlı mürəkkəb xarakterli rollardan daha çox dramatik və sadə təsvirli obrazların ifasına meyl göstərirdi. Ruh etibarilə romantik aktyor məktəbinin oyun estetikasına yaxın idi və buna görə də pafosla, gurultulu bəlağətlə danışan personajları məharətlə oynayırdı.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə Bakıda vəfat edib və məzarı ikinci Fəxri xiyabandadır.