Qurbanov Əli

(20.6.1898-4.10.1962)

.

Yaradıcılığı Tiflis Dövlət Azərbaycan Dram Teatrı və Akademik Milli Dram Teatrı ilə sıx bağlı olan Əli Mirzəli oğlu Qurbanov 20 iyun 1898-ci ildə Tiflisdə dünyaya göz açıb. Atası dəmir yolunda fəhlə işləyib, anası Zinyət (aktyor Möhsün Sənaninin xalası) mollalıq edib. Əli bir neçə il məktəb təhsili almış, saz və tar çalmağı öyrənmişdi.

Əli Qurbanov 1915-ci ildə özündən iki yaş kiçik xalası oğlu Möhsün Sənaninin təşkil etdiyi Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" əsərinin tamaşasında Rüstəm bəy obrazını oynayıb. Bundan sonra "İbrət" və "İttihad" truppalarında, sonra dövlət teatrında fəaliyyət göstərib. 1925-ci ilin ikinci yarısında Milli Dram Teatrının kollektivinə çağırılib, omrünün sonunadək burada işləyib.

Aktyor AMDT-da milli dramaturqlarımızdan Səməd Vurğunun "Vaqif" (Vidadi), "Xanlar" (Əzizbəyov), Azər baba ("Fərhad və Şirin"), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Sərdar), Mirzə İbrahimovun "Məhəbbət" (Əhmədi-biqəm), "Həyat" (Qurban və Cəlal), İlyas Əfəndiyevin "Bahar suları" (Mədət), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Piri baba), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Alı kişi), Hüseyn Cavidin "Səyavuş", "Şeyx Sənan" (Piran və Keşiş), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Cavad ağa), Mehdi Hüseynin "Nizami" (Qivami), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Əsgər bəy), dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet" (Klavdi), "Otello" (Brabansio), "Qış nağılı" (Qoca çoban), "Kral Lir" (Qloster), Aleksandr Puşkinin "Dubrov-Ski" (Arxip), Aleksandr Ostrovskinin "Tufan" (Kuliqin), Jül Vernin "Kapitan Qrantın uşaqları" (Ayriton), Viktor Hüqonun "Gülən adam" (Lord Mounten), Jan Batist Molyerin "Skapenin kələkləri" (Jeront), Nazim Hikmətin "Türkiyədə" (Aşıq Hicrani) əsərlərinin tamaşalarında müxtəlif xarakterli rollar oynayıb. Aktyor həm də "Azərbaycanfilm" kinostudiyasında müxtəlif filmlərə çəkilib.

Əli Qurbanov 4 dekabr 1938-ci ildə Azərbaycan Respublikasının Эməkdar Artisti, 4 may 1940-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. Aktyor 4 oktyabr 1962-ci ildə Bakıda vəfat edib.