Milli səhnəmizin misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.
Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.
Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu".
Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır.
Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi.
Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu." Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı.
Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi.
Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943- cü ildə Azərbaycan Respublikasının Эməkdar Artisti, 24 may 1960-cı ildə Xalq, 2 mart 1965-ci ildə SSRİ Xalq Artisti fəxri adlarına layiq görülüb.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.