Sadıqov Rafiq Kərim oğlu

Rafiq Kərim oğlu Sadıqov 1948-ci il təvəllüdlü, azərbaycanlıdır.

1965-70-ci illərdə M.A.Əliyev adına Teatr İnstitutunda,1967-71-ci illərdə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində, 1975-78-ci illərdə isə Moskva Dövlət teatr İnstitutunun aspiranturasında təhsil almışdır. Bu illər ərzində o, teatrşünas, müəllim-ifaçı, sənətşünas ixtisaslarına yiyələnmişdir.

1978-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dekan, prorektor vəzifələrində çalışmışdır. 1986-ci ildən dosent elmi adına layiq görülmüşdür. 1996-cı ildən bu günə kimi universitetin tədris və tərbiyə işləri üzrə prorektorudur. Elmi-pedaqoji stajı 30 ildir. 1979-cu ildə Leninqradda keçirilən teatr institutlarının tamaşalarının festivalında iştirak etmiş və mətbuatda məqalə ilə çıxış etmişdir. 1970-75-ci illərdə «Kommunist», «Bakı», «Azərbaycan gəncləri», «Molodyoj Azerbaydjana», «Ədəbiyyat və incəsənət» qəzetlərində məqalə və resenziyalarla çıxış etmişdir. 1983-cü ildə Moskvada nəşr olunan ali məktəblərarası elmi məqalələr toplusunda onun «İdeya vospitatelnaya rabota so studentami v Azerbaydjanskom Qosudarstvennom İnstitute İskusstv imeni M.A.Alieva» adlı elmi məqaləsi çap olunmuşdur. Universitetdə çalışdığı illər ərzində respublikada keçirilən elmi konfransların iştirakçısı, bölmə rəhbəri olmuş, gənc elmi kadrların hazırlanmasında yaxından iştirak etmişdir.

«Qəlbin hərarət işığı» (Bakı, 2007) kitablarında məqalələri, kütləvi informasiya vasitələrində : AZTV, ANS, Space, İctimai, Azad Azərbaycan, Lider kanallarında 40-a yaxın verilişlərin, o cümlədən «Zamanla üz üzə», «Tərəf müqabili», «Amfiteatr», «Sarı sim», «Şöhrətə gedən yol», «İncilər» və digər verilişlərdə respublikanın Xalq Artistləri Həsən Turabov, Mikayıl Mirzə, Əliabbas Qədirov, Lütfi Məmmədbəyov, Amaliya Pənahova, Cənnət Səlimova, Azərpaşa Nemətov, Vaqif İbrahimoğlu, Ağakişi Kazımov, Ağaxan Abdullayev, Mələkxanım Əyyubova həmçinin Xalq Rəssamları Kamil Əliyev, Hüseyn Əliyev, musiqiçilər Qulu Əsgərov, Rəhilə Cabbarova, Vaqif Gərayzadə və onlarla sənət adamı haqqında çıxışlar etmişdir. AZTV kanalının «Amfiteatr» verilişinin əsas çıxışçılarından sayılır. Şota Rustaveli adına Gürcüstan Teatr İnstitutunda və Daşkənd teatr İnstitutunda namizədlik dissertasiyaları üzrə opponent olmuşdur.

Respublika və beynəlxalq elmi nəzəri konfrans və incəsənət tədbirlərinin iştirakçısı olmuşdur. Respublika Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq tədbirlərdə, xüsusilə Boloniya təhsil sistemi ilə bağlı elmi nəzəri konfranslarda çıxış etmişdir. Bundan əlavə, Türkiyədə keçirilən incəsənətə həsr olunmuş beynəlxalq konfransda çıxış etmişdir.

Onun mətbuatda ümumilli lider Heydər Əliyevin və Respublika Prezidenti cənab İlham Əliyevin incəsənətə göstərdiyi qayğı ilə bağlı məqalələri və çıxışları olmuşdur. Universitetin Elmi Şurasının və Müdafiə Şurasının üzvüdür. Respublika Teatr Xadimləri İttifaqının üzvüdür.

R.Sadıqov əmək fəaliyyətilə əlaqədar olaraq Təhsil Nazirliyinin və universitet rəhbərliyinin təşəkkürünə layiq görülmüşdür. R.Sadıqov çalışdığı illər ərzində universitetin tədris prosesinin inkişafı, yeni kafedra və fakültələrin yaranması, yeni ixtisasların açılması yolunda xeyli zəhmət çəkmişdir.