Topuriya Qəmər

(15.8.1902-3.6.1947)

Milliyyətcə gürcüdür. Bütöv adı və soyadı pasportda belə verilib: Tamara Vissarionovna Topuriya. "Qəmər" onun təxəllüsüdür və səhnəyə qədəm basdığının ikinci ilindən, yəni 15 yaşından tamaşaların proqramlarında adı (soyadsız) belə yazılıb. Aktyorluq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. Qəmər xanım Topuriya realist aktyor məktəbinin aktrisası kimi dramatik və xüsusən incə yumoru olan real obrazları xüsusi məharət və ilhamla oynayırdı. Tiflisin Şeytanbazar məhəlləsində 15 avqust 1902-ci ildə doğulan Qəmər xanımın bütün qonşuları azərbaycanlı ailələri olduğuna görə azəri türkcəsində çox şirin və gözəl danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Qəmər Topuriya ilk dəfə 1917-ci ildə Qulluqçu ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) rolunda səhnəyə çıxıb. 1918-ci ildən isə aktyorluq sənətini özünə peşə seçib.

Qəmər xanım Topuriya 1918-1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda oynayıb. 1922-1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.

1925-ci ilin əvvəllərində Bakıya dəvət olunub. Ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında aktrisalıq edib. Aktrisa Bakıda müxtəlif truppalarda və Akademik teatrda Fəridə, Dilbər xanım, Susanna, Mariya Timofeyevna, Gülgün, Tanya, Xurşud ("Bakı müharibəsi" "Sevil", "Aydın", "1905-ci ildə", "Od gəlini", "Yaşar" və "Dönüş", Cəfər Cabbarlı), Nazlı və Zeynəb ("Ölülər", Cəlil Məmmədquluzadə), Reqana, Sinyora Kapuletti ("Kral Lir" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Xubçöhr ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Əsgər qız, Jasmen, Olqa, Firəngiz ("İblis", "Knyaz", "Topal Teymur" və "Səyavuş", Hüseyn Cavid), Şarlotta ("Don Juan", Jan Batist Molyer), Leyla ("Tələbələrin kələyi, yaxud Çarleyin xalası", Brandon Tomas), Məryəm ("Namus", Aleksandr Şirvanzadə), Hersoqinya Jozeanna ("Gülən adam", Viktor Hüqo), Anna Andreyevna ("Müfəttiş", Nikolay Qoqol), Raya ("Özgə uşağı", Vasili Şkvarkin), Korinkina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Gecə məlaikəsi ("Göy quş", Moris Metterlink), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Ledi Milford ("Məkr və məhəbbət", Fridrix Şiller), Xarita və Oqudalova, Kabanixa ("Cehizsiz qız" və "Tufan", Aleksandr Ostrovski), Mələk xanım ("Müsibəti- Fəxrəddin", Nəcəf bəy Vəzirov), Qrafinya ("Fiqaronun toyu", Pyer Bomarşe), Amaliya ("İnsan", Səməd Vurğun) kimi mürəkkəb və xarakterik rollar oynayıb.

Qəmər xanım Topuriya teatr sənətinin inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Aktrisa 1947-ci il iyun ayının 3-də uzun sürən xəstəlikdən Bakıda vəfat edib.