Baş redaktordan
Mədəniyyətimizin, çoxəsrlik ənənələrimizin, təbliği və inkişafına xidmət edən, geniş intellektual oxucusu olan «Musiqi dünyası» yalnız respublikamızda nəşr olunan ilk musiqi dərgisi olaraq qalmır, mədəniyyətin digər sahələri ilə bağlı yeni, fundamental layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan dramaturgiyasının görkəmli siması, Xalq Yazıçısı İlyas Əfəndiyevin, görkəmli teatr xadimi, tanınmış recissor, Xalq Artisti Şəmsi Bədəlbəylinin memorial saytlarının açılması, Azərbaycan Teatr Portalının hazırlanması respublikamızın mədəni həyatında diqqətəlayiq hadisələrdir.
Belə layihələrdən biri də multi-media janrında Azərbaycan Teatr Ensiklopediyasının yaralıdmasıdır. Azərbaycan Teatr Ensiklopediyasında milli teatrımızın yaradıcılıarı, korifeyləri, görkəmli sənətkarları haqqında 600 saat canlı səslər, 6000 fotoşəkil, 100 tamaşa yer almışdır. Teatr sənəti ilə bağlı səsli mühazirələr, intellektual oyunlar istifadəçilərə təqdim edilmişdir. Bu layihə mədəni həyatımızda əhəmiyyətli hadisədir.
Azərbaycan teatrı uzun və şərəfli inkişaf yolu keçmiş, özünəməxsus ənənələrə malik bir teatrdır. Bu gün o özünün tarixi dönəmini yaşayır. Teatr sənətinin dünənini və bu gününü təqdim edən layihə həm peşəkarlar, həm tələbələr, həm də teatrsevərlər üçün dəyərli bir hədiyyədir. İnanırıq ki, əsl teatr biliciləri, teatr sahəsində təcrübəsi olan peşəkarlar tərəfindən hazırlanan Ensiklopediya internet istifadəçilərinin böyük marağına səbəb olacaqdır. Çünki, milli teatrımızla maraqlanan hər kəs ensiklopediyaya müraciət edərək, Azərbaycan teatrının möhtəşəm səhifələri ilə yaxından tanış olacaq, milli mədəniyyətimizin böyük bir sahəsini əhatə edən teatr sənətimiz haqqında düzgün və dolğun məlumat alacaqdır.
Sizi Azərbaycan Teatr Ensiklopediyası multi-mediya layihəsinin gerçəkləşməsi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram.