Axtarış

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı


Teatr və teatr fəaliyyəti haqqında

Azərbaycan Respublikasinin Qanunu

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. teatr - müvafiq maddi-texniki bazaya malik olan, teatr  tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən hüquqi şəxs;
1.0.2. teatr fəaliyyəti - teatr sənəti əsərlərinin yaradılması, yayımı və qorunub saxlanılması ilə bağlı fəaliyyət;
1.0.3. teatr  tamaşası - müxtəlif janrlı əsərlər əsasında yaradılan, bədii qayəsi və konkret adı olan səhnə əsəri;
1.0.4. səhnə əsəri - teatr tamaşasının canlı ifada kütləvi nümayişi;
1.0.5. quruluşçu (rejissor, baletmeyster, rəssam) - teatr tamaşasının və ya onun müəyyən hissəsinin quruluşunun müstəqil bədii həllini verən fiziki şəxs;
1.0.6. prodüser - teatr tamaşasının hazırlanmasını və (və ya) nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs.

Maddə 2. Qanunun tətbiq dairəsi

Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün teatrlara və teatr fəaliyyəti ilə məşğul olan digər təşkilatlara şamil edilir.

Maddə 3.Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas  prinsipləri

4.0. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.0.1. teatrlara dövlət qayğısı;
4.0.2. teatrların müstəqilliyinə təminat verilməsi;
4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;
4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına şərait yaradılması.

Maddə 5. Teatr fəaliyyətinin  məqsədi və növləri

5.1. Teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir.
5.2. Teatr fəaliyyətinin növləri aşağıdakılardır:

5.2.1. teatr tamaşaları və digər teatr sənəti əsərlərinin yaradılması, onların əsas səhnədə, qastrol səfərlərində səyyar nümayişi, festivalların, müsabiqələrin, baxışların təşkili, biletlərin realizə olunması;
5.2.2. qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət edilməklə hüquqi və fiziki şəxslərlə müqavilə əsasında onların öz səhnələrində və ya icarəyə götürdükləri səhnələrdə, televiziya və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara çəkilmək üçün teatr tamaşalarının, konsertlərin hazırlanması;
5.2.3. öz qüvvələri və ya dəvət olunmuş kollektivlərin, ifaçıların iştirakı ilə digər bədii-yaradıcı xarakterli tədbirlərin təşkili;
5.2.4. tamaşaların, konsertlərin və digər bədii tədbirlərin keçirilməsi üçün hüquqi və fiziki şəxslərə quruluş xidmətlərinin göstərilməsi;
5.2.5. hüquqi və fiziki şəxslərin sifarişi ilə teatr tamaşalarının, konsertlərin, digər tədbirlərin bədii tərtibatı üçün aksessuarların  hazırlanması;
5.2.6. qastrol və səyyar tamaşaların, müştərək teatr layihələrinin və proqramlarının həyata keçirilməsi üçün öz səhnələrinin digər teatrlara icarəyə və yaxud istifadəyə verilməsi;
5.2.7. qanunvericiliyə uyğun olaraq müəllif və ifaçı (rol, partiya) hüquqlarına riayət olunmaqla teatrın bədii-yaradıcılıq fəaliyyəti ilə bağlı informasiya və reklam məhsullarının, video materiallarının, fonoqramların surətlərinin hazırlanması, çoxaldılması və realizə edilməsi;
5.2.8. müxtəlif geyim əşyaları, butafor, rekvizit, qrim-pastijor və dekorların, həmçinin digər səhnə avadanlıq və ləvazimatlarının hazırlanması, kirayəyə verilməsi, satışı və başqa xidmət növlərinin göstərilməsi.


ardı >  

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı