Axtarış

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı


Teatr və teatr fəaliyyəti haqqında

Azərbaycan Respublikasinin Qanunu

Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

XIX əsrin ikinci yarısından etibarən cərəyan edən ictimai-siyasi hadisələr fonunda və maarifçilik hərəkatının güclü təsiri nəticəsində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza yeni dram janrını gətirməsi ilə Azərbaycan teatrı müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr sənətinin ocağına çevrilmişdir. Qədim tarixə malik xalq tamaşaları zəminində təşəkkül tapan bu teatrın repertuarı yarandığı gündən bəri görkəmli Azərbaycan ziyalılarının dövrün mühüm hadisələrinin real bədii təsvirini verən qabaqcıl, demokratik ideyalı və ictimai məzmunlu əsərləri ilə zəngin olmuşdur.

Avropa təhsili görmüş azərbaycanlı gənclərin dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaları Azərbaycanda teatr həvəskarlarını  dünya ədəbiyyatı nümunələri ilə tanış etməklə bərabər, milli dəyərlərə söykənən yeni tipli teatrın yaradılması işinə güclü təkan vermişdir. Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb kimi fitri istedad sahiblərinin səyləri ilə ölkəmizdə milli peşəkar aktyorlar məktəbi formalaşmışdır. Həmin dövrdən etibarən xüsusi teatr binalarının inşasına başlanılmış və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirilmişdir.

Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi qüdrətli sənətkarların son dərəcə dərin məzmunlu səhnə əsərləri ilə geniş vüsət alan Azərbaycan teatrı milli varlığını qoruyub saxlayaraq inkişaf etmiş və ictimaimədəni həyatda fəal rol oynamışdır. XX əsr boyu opera və balet, musiqili komediya, gənc tamaşaçılar teatrları, pantomima və digər teatrlar yaradılmışdır. Azərbaycan teatr sənəti tarixinə adları həmişəlik həkk olunan böyük aktyorlar, rejissorlar və teatr rəssamları nəsli yetişmiş, teatr üçün peşəkar kadrlar hazırlayan təhsil ocaqları formalaşmış, bölgələrdə mədəniyyət sarayları və teatrlar şəbəkəsi bərqərar olmuşdur. Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Ölkəmizin bir sıra digər sənət sahələrində qazandığı uğurlar ilk növbədə Azərbaycan teatrı ilə sıx bağlı olmuşdur.

Peşəkar milli teatrın sürətli inkişafı və zaman keçdikcə şaxələnməsi onun öz coğrafiyasını genişləndirərək respublikanın, demək olar ki, bütün bölgələrini əhatə etməsinə və hər biri müstəqil sənət ocağı olan yeni teatrların yaranmasına gətirib çıxarmışdır. Ölkəmizdə vətənpərvərlik duyğularının aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.

XX əsrin sonlarında cərəyan edən mürəkkəb proseslər siyasi, iqtisadi və sosial böhrana gətirərək ölkəmizin bütün mədəni həyatına, həmçinin teatr sənətinə son dərəcə mənfi təsir göstərmişdir. Teatrın qarşılaşdığı obyektiv çətinliklər bu sahədə yaradıcılıq əhval-ruhiyyəsini də zəiflətmişdir.
Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd dövlət dram teatrı Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin işğalına məruz qalaraq ata-baba yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini davam etdirir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır. Lakin ölkəmizdəki bir sıra mədəniyyət sarayları və teatr ocaqlarında, o cümlədən Heydər Əliyev adına Sarayda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrında müasir tələblərə uyğun əsaslı təmir-bərpa və yenidənqurma işlərinə ciddi ehtiyac duyulur.

Xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi və yaradıcılıq potensialının dirçəldilməsi və teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

1.1. Heydər Əliyev adına Sarayın mühüm ictimai-siyasi, mədəni tədbirlərin təşkil edilməsi və həyata keçirilməsində əhəmiyyətini nəzərə alaraq əsaslı təmirini və müasir avadanlıqla təchizatını təmin etsin;
1.2. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının əsaslı təmirini və müvafiq texniki avadanlıqla təchizatını təmin etsin;
1.3. Bakı şəhərində Azərbaycan Dövlət Gənclər Teatrının, Azərbaycan Dövlət Pantomima Teatrının, eləcə də İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda təmir-bərpa işlərinin həyata keçirilməsini təmin etsin;
1.4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli və Ağdam dövlət dram teatrlarının hal-hazırda yerləşdiyi binalarda əsaslı təmir-bərpa işlərinin aparılmasına dair təkliflərini 2007-ci il avqust ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. yerli icra hakimiyyəti orqanları ilə birlikdə regionlarda fəaliyyət göstərən teatrlarda təmir-bərpa və yenidənqurma işlərinin aparılmasına dair təkliflərini 2007-ci il iyul ayının 1-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.6. Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla milli sərvətimiz olan əsərləri və dünya klassikasının incilərini özündə ehtiva edən "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. teatrların nəzdində xüsusi studiyaların yaradılmasına və xarici ölkələrdə müvafiq kadrların, habelə teatr menecerlərinin hazırlanmasına dair təkliflərini 2007-ci il aprelin 15-nə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrın əsaslı təmirini və zəruri avadanlıqla təchizatını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 19 fevral 2007-ci il
№ 1964  


ardı >  

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı