I fəsil II fəsil III fəsil IV fəsil V fəsil VI fəsil VII fəsil Sərəncam I Sərəncam II Dövlət proqramı
Teatr və teatr fəaliyyəti haqqında
Azərbaycan Respublikasinin Qanunu
II fəsil
Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi
Maddə 6. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi
6.0. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi aşağıdakılardan ibarətdir:
6.0.1. teatr şəbəkəsinin, ilk növbədə uşaq teatrlarının inkişafı üçün şəraitin yaradılması;
6.0.2. teatrların infrastrukturunun yaradılması, teatr binaları və qurğularının inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və avadanlıqların modernləşdirilməsi üçün investisiyaların ayrılması;
6.0.3. dövlət teatrlarına, əhalinin aztəminatlı və azyaşlı təbəqələrinə münasibətdə güzəştli qiymət siyasəti yürüdən teatrlara və uşaq teatrlarına dotasiyaların və məqsədli maliyyə yardımının ayrılması;
6.0.4. yaradıcılıq sifarişlərinin, mədəniyyət sahəsində digər məqsədli proqramlarda nəzərdə tutulan ayrı-ayrı layihələrin teatrlara verilməsi;
6.0.5. opera, operetta, balet, dram və musiqili-dram əsərlərinin yaradılmasına və satın alınmasına, onların tamaşaya qoyulmasına, innovasiya layihələrinin realizə olunmasına, qastrol fəaliyyətinin həyata keçirilməsinə hər il büdcə vəsaitinin ayrılması;
6.0.6. teatr sənəti sahəsində mütəxəssislərin hazırlanmasına və yeni teatr sənəti əsərlərinin yaradılmasına kömək məqsədilə gənc istedadlı müəllif və ifaçılar, görkəmli teatr xadimləri üçün mükafatların və təqaüdlərin təsis edilməsi;
6.0.7. dövlət orta və ali peşə ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrdə aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması və tədqiqatların aparılması, uzunmüddətli yaradıcılıq ezamiyyətlərinin təşkili;
6.0.8. kütləvi informasiya vasitələrində teatr sənətinin təbliği.
Maddə 7. Teatr işçilərinin ictimai birlikləri
7.1. Teatr işçilərinin ictimai birlikləri qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır və fəaliyyət göstərir.
7.2. Teatr işçilərinin ictimai birliklərinə mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək imkanı yaradılır, teatr işçilərinin peşə hazırlığı, əmək şəraiti, əməyinin mühafizəsi və sosial müdafiəsi sahəsində tədbirlər hazırlanarkən onların rəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərə alınır.
7.3. Teatr işçilərinin ictimai birlikləri məqsədli proqramların, mədəniyyət sahəsində layihələrin və digər tədbirlərin həyata keçirilməsində iştirak edə bilərlər.
I fəsil II fəsil III fəsil IV fəsil V fəsil VI fəsil VII fəsil Sərəncam I Sərəncam II Dövlət proqramı