I fəsil II fəsil III fəsil IV fəsil V fəsil VI fəsil VII fəsil Sərəncam I Sərəncam II Dövlət proqramı
Teatr və teatr fəaliyyəti haqqında
Azərbaycan Respublikasinin Qanunu
III fəsil
Teatrların hüquq və vəzifələri
Maddə 8. Bədii yaradıcılıq fəaliyyəti sahəsində teatrların hüquqları
8.1. Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.
8.2. Teatrların bədii yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla yolverilməzdir.
8.3. Teatr tamaşalarının kütləvi nümayişi, onlardan istifadənin digər növləri, habelə informasiya və reklam materiallarının nəşri qanunvericilikdə nəzərdə tutulmuş hallarda qadağan edilə bilər.
Maddə 9. İqtisadi sahədə teatrların hüquqları
9.1. Teatrlar öz fəaliyyətini və inkişaf perspektivlərini müəyyən etməkdə müstəqildir.
9.2. Mülkiyyət formasından asılı olmayaraq teatrların dövlət və yerli özünüidarəetmə orqanlarının elan etdiyi müsabiqələrdə iştirak etmək hüququ vardır.
9.3. Teatrlar biletlərin qiymətini sərbəst müəyyən edir.
Maddə 10. Teatrların simvolika hüququ
10.1. Simvolikasını (rəsmi ad, emblem, tanınma nişanı və digər təsvirlər) qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçirən teatr ondan müstəsna istifadə hüququna malikdir.
10.2. Teatrın qeydiyyatdan keçmiş simvolikasından hüquqi və fiziki şəxslər yalnız onun razılığı ilə istifadə edə bilərlər.
10.3. Teatrın simvolikasından qeyri-qanuni istifadə edən hüquqi və fiziki şəxslər teatrın tələbi ilə istifadəni dayandırmalı və qanunvericilikdə müəyyən edilmiş qaydada dəymiş ziyanı ödəməlidirlər.
Maddə 11. Teatrların vəzifələri
11.1. Teatrların vəzifələri aşağıdakılardır:
11.1.1. işçilərin əmək şəraitini və əməyinin mühafizəsini, habelə sosial müdafiəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin etmək;
11.1.2. tamaşaçıların həyat və sağlamlığının mühafizəsini, habelə müvəqqəti saxlanması üçün onlardan alınmış əmlakın qorunmasını təmin etmək;
11.1.3. biletlərin satıldığı və tamaşa nümayiş olunduğu yerlərdə afişalar asmaq, həmin afişalarda teatrın, tamaşanın, əsər müəllifinin (müəlliflərinin), quruluşçuların və ifaçıların (rol və partiyaları) adlarını və teatrın zəruri hesab etdiyi digər məlumatları göstərmək;
11.1.4. tamaşanın keçirildiyi yer, başlanacağı və bitəcəyi vaxt, biletlərin qiyməti, alınma və geri qaytarılma şərtləri, müəyyən tamaşaçı kateqoriyaları üçün nəzərdə tutulmuş güzəştlər, tamaşaçıların yaş məhdudiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat vermək;
11.1.5. teatr biletində öz adını, ünvanını, biletin qiymətini, tamaşanın tarixini və saatını, tamaşaçının salondakı yerini göstərmək.
11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu ilə aşağıdakı hallarda geri qaytarıla bilər:
11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz olunduqda və ya təxirə salındıqda;
11.2.2. elan olunmuş baş rol ifaçısı dəyişdirildikdə.
I fəsil II fəsil III fəsil IV fəsil V fəsil VI fəsil VII fəsil Sərəncam I Sərəncam II Dövlət proqramı