Axtarış

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı


Teatr və teatr fəaliyyəti haqqında

Azərbaycan Respublikasinin Qanunu

IV fəsil

Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq

Maddə 12. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri

12.1. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri tamaşaya qoyulan əsərin müəllifi, quruluşçusu, ifaçılar və prodüserdir.
12.2. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq teatr tamaşasının kütləvi nümayişi haqqında qərar qəbul olunan andan yaranır.
12.3. Prodüser teatr tamaşasına hüququnu quruluşçunun və ifaçıların  qanunvericilikdə müəyyən edilən hüquqlarına riayət etməklə həyata keçirir.
12.4. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, quruluşçu və prodüser teatr tamaşasının kütləvi nümayişi (ifası) barədə birgə qərar qəbul edirlər.

Maddə 13. Müəllif, quruluşçu və ifaçıların teatr tamaşası ilə bağlı hüquqları

13.1. Müəllif, quruluşçu və teatr tamaşalarında iştirak edən ifaçılar öz adlarının həmin tamaşanın reklam nəşrlərində, proqram və afişalarında, digər informasiya vasitələrində qeyd olunması hüququna malikdirlər.
13.2. Quruluşçunun teatr tamaşasını təhriflərdən qorumaq hüququ vardır. Quruluşçunun icazəsi olmadan rol (partiya) ifaçılarının tərkibinin, səhnə mizanlarının, xoreoqrafiyanın, işıq partiturasının, teatr əlbəsələrinin, ifaçıların istifadə etdikləri aksesuarların, musiqinin dəyişdirilməsi təhrif hesab olunur. Quruluşçu ilə prodüser arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının digər təhrif formaları da müəyyən edilə bilər.
13.3. İfaçı tamaşada quruluşçunun rəhbərliyi altında hazırladığı rolu (partiyanı) ifa etmək hüququna malikdir və bu hüquqdan yalnız aşağıdakı hallarda məhrum edilə bilər:

13.3.1. prodüserlə bağladığı müqavilədə nəzərdə tutulan müddət və ya tamaşa sayı başa çatdıqda;
13.3.2. bu və ya digər səbəbdən öz rolunu (partiyasını) ilkin quruluşda nəzərdə tutulan şəkildə ifa etmək iqtidarında olmadığı halda, prodüserin və ya quruluşçunun təşəbbüsü əsasında;
13.3.3. prodüserlə bağladığı müqavilənin şərtlərini pozduqda.

13.4. Prodüser, quruluşçu və ifaçılar arasında bağlanan müqavilədə bu Qanunun 13.1-ci - 13.3-cü maddələrində müəyyən edilən hüquqlardan başqa digər hüquqlar da nəzərdə tutula bilər.
13.5. İfaçının ad hüququ onun teatr tamaşasında iştirak etdiyi bütün müddət ərzində qüvvədə olur.
13.6. Quruluşçunun teatr tamaşası ilə bağlı hüququ bu tamaşanın kütləvi nümayiş edildiyi müddət ərzində qüvvədə olur.

Maddə 14. Prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı hüquqları

14.0. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının kütləvi nümayiş hüququ prodüserə keçə bilər. Bu halda prodüserin aşağıdakı hüquqları vardır:

14.0.1. teatr tamaşasının kütləvi nümayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini müəyyən etmək;
14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını müəyyən etmək, onu dayandırmaq və bərpa etmək;
14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (teleradio yayımı, kabel televiziyası və s.) köməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini müəyyənləşdirmək;
14.0.4. bu Qanunun 14.0.1-ci maddəsində nəzərdə tutulan normalara riayət etməklə hüquqi və fiziki şəxslərə (əgər prodüserlə bu şəxslər arasındakı müqavilədə digər hallar nəzərdə tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə birlikdə teatr tamaşasının yenidən səhnəyə qoyulması üçün icazə vermək.

Maddə 15. Teatr tamaşasının bədii həllinin qorunması ilə bağlı prodüserin vəzifələri

15.1. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən (digər hallar nəzərdə tutulmayıbsa) prodüser quruluşçunu aşağıdakılar barədə xəbərdar etməlidir:

15.1.1. teatr tamaşasında düzəliş edilməsinin zəruriliyi və bu düzəlişi yerinə yetirmək üçün quruluşçuya təqdim olunan şərtlər haqqında;
15.1.2. teatr tamaşasında quruluşçudan xəbərsiz edilən təcili düzəlişlər və bu düzəlişlərin səbəbləri haqqında;
15.1.3. teatr tamaşasının kütləvi nümayişinin müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılması və ya tamaşaların sayının azaldılması haqqında.

15.2. Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədi ilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər.
15.3. Prodüser tamaşanın ilkin bədii həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər.

Maddə 16. Teatr tamaşası ilə bağlı hüququn müdafiəsi

16.1. Teatr tamaşası ilə bağlı müstəsna hüququ olan subyektlər bu hüququ pozanlardan onun ilkin vəziyyətinin bərpa olunmasını tələb edə bilərlər.
16.2. Prodüserlə teatr tamaşasına müstəsna hüquqları olan subyektlər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş qaydada maddi və ya başqa məsuliyyət daşıyırlar.


ardı >  

I fəsil  II fəsil  III fəsil  IV fəsil  V fəsil  VI fəsil  VII fəsil  Sərəncam I  Sərəncam II  Dövlət proqramı